NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ən böyük arzusu Mübariz İbrahimov kimi olmaq istəyən gizir şəhidimiz - Reportaj

Oxundu: 8614
Ən böyük arzusu Mübariz İbrahimov kimi olmaq istəyən gizir şəhidimiz - Reportaj

Şəhid anası Aminə Səfərova: “Elimdar çox istiqanlı və mehriban idi. Hər vaxt namazın qılardı, sonra başqa işlərinin dalınca gedərdi. Hətta acından ölsə belə namazının vaxtını keçirməzdi”

 “Torpaq uğrunda ölən varsa Vətəndir!” - demiş böyüklərimiz. Əslində vətən anlayışının mövcudluğu məhz böyüklərimizin dediyi kimi onun uğrunda canını fəda etmiş mərd və fədakar övladlarına görədir. Bu günə qədər xalqımızın çox saylı mərd oğulları da Allahın bu sünnətinə əməl edərək Azərbaycan adlı bir məmləkətin və vətənin mövcudluğuna səbəb olublar. Həmin fədakar şəhidlərdən biri də aprel ayının əvvəlində cəbhə bölgəsində başlayan müharibə zamanı qəhrəmancasına şəhid olan neftçalalı gizir şəhid Elimdar Səfərov idi.

 

Bizlər də öz növbəmizdə İslaminSesi olaraq şəhidlərimizlə bağlı neçə vaxtdır planlaşdırdığımız “Şəhid haqqı” layihəmizin növbəti dayanacağını məhz şəhid Elimdar Səfərovun yaşadığı kəndə saldıq. Şəhidimizin dəfnindən xeyli bir zaman keçsə də, onun sevənlər və dostları hər gün evlərinə gedirlər. Olduqca mehr-məhəbbətli, qonaqpərvər və fədakar ailənin və dostlarının qonaqlarına göstərdikləri münasibət insanı duyğulandırmaya bilməzdi. Əslində belə bir fədakarlıq nümunəsi təəccüb də doğurmadı. Çünki şəhidlərin böyükdükləri ailə, kənd el-oba mütləq formada belə olmalıdır ki, oradan məhz şəhid Elimdar kimi dəyərli insanlar yetişsin.“

 

Şəhid Elimdar səfərovun ailəsi və dostları ilə səmimi ortamda baş tutan söhbətimizdə şəhidimizlə daha da yaxından tanış olarkən dəyərli şəxsiyyətinin görünməyən tərəfləri bizim üçün aşkar oldu. İlk öncə xalqımız və millətimiz üçün dəyərli övlad böyüyüb başa çatdıran şəhid anası Aminə Səfərova ilə danışdıq.

 

 

- Ana can bilirik ki, bu barədə danışmaq çətindir. Övladınız şəhid oldu və uca bir mərtəbəyə yetişdi. Bir neçə cümlə ilə Elimdar haqqında danışmanızı istərdik.

- Allah sizdən razı olsun ki, gəlmisiniz. Şəhid balam anasından çox vətənini və şəhidliyi sevdi. Axırıncı dəfə martın 26-ı gəlmişdi. Evə gəlməmişdi. Qardaşımgildə idi. Elə gəlib mənimlə qapıda görüşüb getdi.

 


- Nəyisə hiss etmişdiniz hərəkətlərindən?


-Xeyr. Birtəhər idi düzdü. Amma elə danışan biri deyildi. Heç bizə demirdi haradadı? Necədir?


- Şəhidimiz hansı xüsusiyyətinə görə fərqlənərdi o biri övladlarınızdan?


- O mənim üçün fərqli biri idi. Məni yaşadan idi. Qəhrəman kimi uşaq idi. Qəhrəman kimi də getdi. Bacısı oğullarına da dedi ki, mənim yolumu gedin. Canından çox istəyirdi Vətənini. İndi eləyəm ki, onun haqqında bildiklərim də yadımdan çıxıb. Ona körpəliyindən elə tərbiyə verilmişdi. Torpaq sevgisi,vətən sevgisi onun üçün əhəmiyyətli idi.


- Bəs şəhid anası olmaq necə bir hissdir?  


- Təbii ki, qürurvercidir. Qəhrəman anası olmaq fərqli bir duyğudur. Şəhidlik hər kəsə nəsib olmur. Çox çətindir, onun haqqında nə deyə bilərəm ki, imanlı, namaz qılan, Vətənini sevən bir gənc idi. Çox istiqanlı idi. Hətta acından ölsə belə namazının vaxtını keçirməzdi. Hər vaxt namazın qılardı sonra başqa işlərinin dalınca gedərdi. Amma danışan deyildi. Sirr paylaşan deyildi. Uzun-uzadı danışmağı sevməzdi. Çox qoçaq idi.

 

Sonra söhbətimizə şəhid Elimdarın qardaşı Elzibar Səfərov qoşuldu

 

 

- İnsan hansısa peşəni seçəndə onu hansı uğurlar, hansı təhlükələr gözləyir bunu qabaqcadan bilir. O ən təhlükəli peşəni seçmişdi. Onun uğurları da, naliyyətləri də çox olmuşdu. Onun Azərbaycan üçün əldə etdikləri uğurlar çox olub. Onlar hamısı bizim fəxrimizdir. Mən fəxr edirəm ki, qardaşım vətən yolunda, din yolunda canından keçdi . O öz arzusuna çatdı. Vətəni qorumaq, dini qorumaq bizim borcumuzdur. O özü də mömin idi. Mən qardaşımın demək olar ki, üzünü görməmişəm. Məktəbi qurtardı, sonra da gəncliyini Vətənə, dinə həsr etdi. Hətta məktəb illərindən namazını buraxmazdı. Göstərdiyi şücaətə görə bir neçə dəfə hərbi hissə komandiri və ölkə başçısı tərəfindən medalla təltif edilib.


- Bəs sizinlə sonuncu dəfə nə vaxt danışıb?

 

- Axırıncı dəfə ayın 28-də telefonla danışdıq. Ayın ikisi şəhidlik xəbərini aldıq. Amma bir söz demişdi. Demişdi ki, 3 gün sonra sizi sevindirəcəm. Biləsuvardan da bir nəfər pəhlivan dostu var idi. Onunla bir yerdə 2-3 nəfər qabaqcadan söyləmişdi ki, bu yaxınlarda Neftçalaya iki şəhid gələcək: onun biri Samid olacaq, biri də mən. Ayın 29 tapşırığa gedirlərmiş. Təhlükəli tapşırıq olub. Hamısı vəsiyyət edib, halallaşıb ayrılıblar. O tapşırıqda iki nəfər şəhid olub. Onlar şəhid olandan sonra bunlar üçün digər Neftçala şəhidi mayor Samit İmanovun rəhbərliyi ilə dəstəyə köməyə gəlib. Bunlara verilmiş tapşırığı uğurla yerinə yetiriblər. Elimdarın yanında olan zabit dostları deyirlər ki, o PK-74-dən o qədər atəş açmışdı ki, silahın lüləsi qıpqırmızı idi. Sonradan xəbər tutduq ki, Elimdarı snayperlə vuran erməni bizimkilər tərəfindən öldürülüb. Elimdar vurulduqdan sonra 8 saat nəbzi vurub. Onlar çox irəlidə olduqlarına görə vaxtında ərazidən çıxardılaraq tibb yardım etmək mümkün olmayıb.

 

“Elimdar bu kənddə hər kəsin gözünün qabağında böyüyən bir oğul olub. Bizim məscidin kollektivindən biri olub həmişə. İmanlı Allaha bağlı biri idi. Allaha bağlı olan, insan ailəyə də, Vətənə də bağlı olur. Mən Elimdarı çox yaxından tanıyıram. Bunu əminliklə deyə bilərəm ki, o şəhid qəhrəman Mübariz İbrahimov ruhiyyədə bir insan idi. “ - bu sözləri söhbətimizə qoşulan şəhid Elimdar Səfərovun yaxın dostu olan kənd məscidinin axundu Taleh Əliyev söylədi.

 

 

Onun sözlərinə görə, şəhid Elimdar Səfərov bir çox müsbət xüsusiyyətləri özündə cəmləşdirən bir şəxs idi: “İnsan var ki, onda bəzi cəhətlər olur, lakin bəzi cəhətlər çatışmır. İnsan namaz qılan ola bilər, amma Vətənə bağlı olmaz. Amma Elimdar qardaşımız bütün cəhətlərində mükəmməl bir insan idi. Bu onun üçün deyiləcək quru sözlər deyil. Bütün bunlar həqiqətdir.”

 

“Belə bir insanın qohumu, qardaşı, sinifyoldaşı, yaxını, tanışı, dostu olmaq insana nə kimi hisslər aşılayır?” –  sualına cavab olaraq Elimdar Səfərovun yaxınları bunları söylədi.

 

Sinif yoldaşı Hüseyn Mirhüseynov:

 

 

Mübariz İbrahimovdan sonra insanda vətən eşqini yenidən alovlandıran bir insan oldu. Durub fikirləşəsən də, xəyal etsən də o məqamı təsəvvür edə bilmirsən. Həm namaz qılmaq, həm də o şəhidlik məqamına yetişmək. Çox şərəfli bir həyat yolu və ölümdür. Sinifyoldaşı olaraq onu deyə bilərəm ki, məktəb illərindən idmanla məşğul idi. Heç unutmaram bir dəfə aptekə gedirdi. Bizim də avtomobilimiz yolun qırağında arxa sürüşərək düşmüşdü. İstədik düşək çıxaraq heç cür alınmadı. Elimdar onda bizə yaxınlaşıb dedi ki, maşından düşməyin siz içəridən idarə edin, mən tək çıxardacam. Bir həmlə ilə maşından yapışdı və onu qaz turbasının yanındakı çuxurdan çıxarıb yola qoydu. Həmişə yanımızda deyirdi ki, görəsən mən də Şəhid Mübariz kimi o mərtəbəyə yüksələ biləcəm?!... Allah bunu ona nəsib etdi.

 

Onun komandiri gəlmişdi. Dedi ki, 10-a yaxın şəhid vermişik. Elə bir hisslər keçirirəm ki, sanki sağ qolum yoxdur. Qəhrəman kimi döyüşüb. Dəfələrlə düşmən tərəfə keçib. Dəfələrlə ağır tapşırıqlar yerinə yetiriblər. Çox vaxt ermənilərin postlarını dağıdarlarmış. Hətta ermənilər bunların adını eşidəndə qorxudan köməyə gəlməzlərmiş. Yəni o qədər şücaətli idilər. Allah onların mükafatını versin.

 

Kərimov Kərim əmisi oğlu.

 


"Elimdar keçdiyi öz həyat yolu ilə bütün Azərbaycan gəncləri üçün örnək oldu. Onun şəhid olması insanlarda böyük ruh yüksəkliyi yaratdı. Balacalıqda biz bir yerdə böyümüşük. Olduqca ürəyi təmiz və şücaətli bir insan idi. Yeganə adamlardan biri idim ki, sirrini həmişə mənimlə bölüşərdi. O, həmişə mənə deyərdi ki, mən gərək bu yolu seçmişəmsə mütləq şəhid olmalıyam. Hərbidə çəkdirdiyi fotoları həmişə mənə göndərib deyirdi ki, bunları saxla vaxt gələcək lazım olacaq. Böyük arzusu şəhidlik idi ki, ona da qovuşdu."

 

Sonda şəhid ailəsinə və yaxınları üçün zər-zibalı otaqla, yanan şamın söhbətindən bəhs edən təmsildən qısa epizodu xatırladıb yazımızı yekunlaşdırırıq.

 

Təmsildə qızıl və gümüşdən bəzədilmiş bir otağın onu işığa qərq edən şamın yanında öz gözəlliyinə görə öyündüyü söylənilir. Şam isə öz növbəsində yana-yana təmkinlə özündən deyən otağın söhbətlərinə qulaq asır.

 

Nəhayət zərli-zibalı otağın uzun-uzadı mədhiyyəsindən sonra şamın söylədiyi bir kəlmə bəzəkli otağı bir daha özünü öyməyəcəyinə vadar edir.



Sənin bütün bu gözəlliklərinin, zərin, qızılının və gümüşünün görünməsinin yeganə səbəbi budur ki, mən yanaraq ətrafa işıq saçıram. Yəni mən yanmasam sənin bayaqdan öyündüyün bütün gözəlliklərinin hamısı qaranlığa qərq olar.



Bizdə cəmiyyət və xalq olaraq bütün varlığımız və mövcudluğumuza görə məhz bu dəyərlər uğrunda canlarına fəda edib, şam kimi əriyərək, dünyamızı işıqlandıran şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system