NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Artıq hansısa ölkədən və ya beynəlxalq qurumdan sanksiya gözləmədən savaşa başlaya biləcəyik” - Vüqar Miraslanov

Oxundu: 1078
“Artıq hansısa ölkədən və ya beynəlxalq qurumdan sanksiya gözləmədən savaşa başlaya biləcəyik” - Vüqar Miraslanov

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsinin 25 ili tamam oldu. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.

 

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.

 

Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq "Böyük sülh sazişi"nə imza atmalı idilər. Lakin bu sazişə imza atılması ötən 25 ildə başa tutmayıb. Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.

 

Bəs Qarabağ müharibəsi ilə bağlı 25 illik atəşkəs bizə nə verdi? Bu bizi münaqişənin həllinə yaxınlaşdırdımı? Ümumiyyətlə atəşkəs lazım idimi?

 

İslamınsəsi”nin sualını cavablandıran hərbi ekspert Vüqar Miraslanovun fikrincə, danışıqlar yolu ilə torpaqlarımızı azad etmək mümkün deyil və müharibə qaçılmazdır: "Lakin o vaxt  atəşkəs vacib idi. 90-cı illərin əvvəllərində nə bizim, nə düşmənin ordusu yox idi. Məsələni 2-3 minlik hərb işini mükəmməl bilən, intizamlı bir dəstənin gücü ilə həll etmək olardı. Bunu təəssüf ki, bacarmadıq (Səbəbi hamıya məlumdur və başqa mövzunun söhbətidir). Atəşkəs ərəfəsində artıq bizim ordumuz çox zəifləmişdi. Demək olar ki, hərbi struktur yox dərəcəsində idi. Olanımız da zəifləmişdi. İnsanlar indiki kimi "müharibə edək" demirdi. Fərarilik baş alıb gedirdi. Cavanları dükan-bazarda tutub avtobusa yığıb orduya aparırdılar. Təlim keçməyə vaxt da olmurdu. Birbaşa atırdılar döyüşə. Erməni çağırışçıları isə rus hərbi hissələrində 1991-ci ildən təlim keçirdilər.

 

İndi isə səfərbərlik mütləq olmalıdır.Amma savaşı biz başlasaq, gərək bizim də əlimizdə əsasımız olsun. Çünki ümumi razılığa gəlmişik ki, bu məsələni danışıqlar yolu ilə həll edəcəyik. Uzun danışıqlardan sonra Madriddə formalaşmış prinsiplər əsasında sülh prosesini həyata keçirməyə biz də razılaşmışıq, ermənilər də. Bütün dünya üçün bu normal danışıqlar prosesi sayılır. Hesab edirlər ki, çətin də olsa, razılaşma prosesi gedir. Artıq danışıqların gündəliyinin  razılaşdırılmasının finiş nöqtəsinə çatıb. Bu o deməkdir ki, ermənilər Qarabağın hüquqi statusunun hansı formada və nə vaxt müəyyən olunmasından asılı olmayaraq, Qarabağın ətrafındakı 6 işğal olunmuş rayonu qaytarmalıdırlar.

 

Buradan görünür ki, bu vaxta qədər düşmən bizə formal olaraq müharibə başlamaq bəhanəsi verməmişdi. Artıq prinsipial nöqtə yaxınlaşmaqdadır. Amma məlum həqiqətdir ki, düşmənin bizə torpaq qaytarmaq fikri yoxdur. Ona görə Paşinyan "Qarabağ ermənilərini tərəf kimi danışıqlara qatmalıyıq" oyunu ilə ortaya düşmüşdü. Bu isə 25 illik ATƏT-in təşkilatı və nəzarəti altında gedən danışıqları pozub, hər şeyi sıfırdan başlamaq demək idi. Həm də BMT-nin danışıqları ATƏT-ə həvalə etməklə bağlı qətnaməsində yerli icmaları iki ölkənin prinsipial razılığından sonra danışıqların həyata keçirilməsinə cəlb etmək qərarı verilmişdi. Bunu ATƏT rəhbərliyi Paşinyanın və erməni rəhbərliyinin nəzərinə çatdırıb, ciddi xəbərdarlıq edəndən sonra, onlar çox məyus oldular. Hazırda danışıqları necə uzatmaq və nə yolla pozmaq yollarını ciddi-cəhdlə axtarırlar. Yəqin bunu edəcəklər də. Lakin bu onlara heç də itkisiz başa gəlməyəcək. Bu, bizdən başqa BMT və ATƏT-i də ələ salmaq mənası verəcək. Onların danışıqları pozmaq üçün növbəti cəhdləri bizə və BMT-yə onun nizamnaməsinin lazımi maddələrinin müddəalarını tətbiq etməyə əsas vermiş olacaq.

 

Əlbəttə, ola bilsin ki, birinci fırıldaqdan sonra da BMT bizi yenə məsələni sülh yolu ilə həll etməyə çağırsın. Lakin bu çağırış əvvəlki kimi israrlı olmayacaq. Bu baxımdan, bizə beynəlxalq təşkilatların arayışları iki məqsəd üçün çox lazımdır. Belə arayışlar işğalı ləğv etməkdən ötrü hərbi əməliyyatımızı leqallaşdırır. Yəni artıq hansısa ölkədən və ya beynəlxalq strukturdan sanksiya gözləmədən müharibəyə başlaya biləcəyik. Beynəlxalq ictimaiyyətə və beynəlxalq strukturlara hər bir hörmətsizlik və etinasızlıq aktı həmin təşkilatları bezdirəcək, özlərini indiyədək yazıq və məzlum göstərə bilmiş düşmən gözdən düşəcək. Yəni bu, dözüm və səbr tələb edən vacib və lazımlı, monoton bir işdir. Müasir dünyada bu tip hazırlıqsız hansısa bir güc aksiyası keçirmək mümkün deyil. Əlbəttə, bu dediklərim nəhəng əməliyyatın təminatı üçün nəzərdə tutulur. Gündəlik olaraq düşmənin işğal həyata keçirən əsgərinin gününü cəhənnəmə çevirmək, diversiya əməliyyatlarnı davamlı şəkildə həyata keçirmək bunlarsız da mümkündür və vacibdir".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system