NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

1300 xocalılını xilas edən şəhidin ailəsi ilə bir gün

Oxundu: 9511
1300 xocalılını xilas edən şəhidin ailəsi ilə bir gün

"Xocalıda 613 nəfərin öldürüldüyünü deyirlər, amma Allahverdi deyirdi ki, bu yalandır. Orada 2000-dən çox insan öldürülüb. Orada başları kəsilən gənclər var idi, heç onlardan bəhs olunmayıb. Meyitləri körpü edib çaydan keçiblər."

“Torpaq uğrunda ölən varsa Vətəndir! - demiş böyüklərimiz. Əslində vətən anlayışının mövcudluğu məhz böyüklərimizin dediyi kimi onun uğrunda canını fəda etmiş mərd və fədakar övladlarına görədir. Bu günə qədər xalqımızın çox saylı mərd oğulları da Allahın bu sünnətinə əməl edərək Azərbaycan adlı bir məmləkətin və vətənin mövcudluğuna səbəb olublar. Həmin fədakar şəhidlərdən biri də Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovdur. Bu ad yəqin hər kəs üçün çox tanışdır. Məhz xalqımızın başına gətirilən Xocalı faciəsinin daha az tələfatla nəticələnməsi, 1300-ə yaxın Xocalı əsirinin geri qaytarılması, Ağdamda həyata keçirilən bir çox uğurlu əməliyyatlar məhz şəhid Allahverdi Bağırovun sayəsində baş tutmuşdur. Bir neçə müddət idi Allahverdi Bağırovun fotosu ilə internetdə və sosial şəbəkələrdə tez tez üzləşirdim. Barəsində informasiyalar və göstərdiyi qəhrəmanlığı oxuduqca şəhidimiz mənim üçün daha da maraqlı gəlirdi. Zahirən zəhimli bir insanı xatırladan şəhidimizi, əslində bu qədər kədərli və qəmli görsənməsinin səbəbi isə Qarabağda gördükləri müsibətlər, faciələr və xəyanətlər imiş.

 

 

Bütün bunlara rəğmən İslaminSesi olaraq şəhidlərimizlə bağlı neçə vaxtdır planlaşdırdığımız “Şəhid haqqı” layihəmizə Allahverdi Bağırovun ailəsi ilə başladıq. Olduqca mehr-məhəbbətli, qonaqpərvər və fədakar ailənin qonaqlarına göstərdikləri fədakarlıqlar, bir anlıq Allahverdi Bağırovu xatırlatdı bizlərə. Səmimi ortamda baş tutan söhbətimizdə şəhidimizlə bağlı xatirələrini İslaminSesi ilə Allahverdi Bağırovun bacısı Almaz Bağırov, oğlu Elşən Bağırov, qızları Aynur və Zümrüd Bağırovalar bölüşdülər.

 

 

 

İlk olaraq söhbətə qardaşlarının dərdindən saçları ağarmış və gözləri köks atmış Almaz Bağırova başladı.

 

 

- Vətənin oldular, qoy vətən də onlara qiymət versin. Milli qəhramanlıq bir zirvədir. Bizdə ayrıseçikilik həmişə olub. Əslində şəhidlərin hamısına milli qəhrəman adı verilməlidir. Çünki o döyüşü görən, o qradın gurultusunu eşidənlərin zəhmətini itirmək olmaz. Onlar orada öz qüvvələri ilə idilər. Xəyanət, silah tapmamaq - onlar bu halların hamısın orada yaşadılar. Döyüşə girdilər, onları satdılar. Öz qeyrətləri ilə orada idilər. Allahverdi Bakıya gəlmirdi, deyirdi ki, biz Ağdamda yaşamışıq. Bakıda nəfəs ala bilmirdi. 23 ildir su içə bilmirəm. Deyirəm Ağdam alınacaq oradan su içəcəm. Allahverdi suyu çox sevirdi.

 

 

 

 

 

Elşən Bağırov: "Atamla bağlı media orqanlarında yaxşı yazılar gedir. İnsanlar onu sevir. Cəlaləddin Qasımov adlı müəllifin kitabının yarısını Allahverdiyə həsr edib. Elə yazılar var ki, tapıb yerləşdirirlər. Gənclər çox sevir. Hətta sosial şəbəkələrdə onun fotosunu profil fotosu ediblər. Müstəqil insanlar var ki, onun haqqında danışıblar. 1300 nəfəri əsirlikdən xilas edən qəhrəman - bunu fəxrlə deyən insanlar var.

 


- Allahverdi Bağırov şəhid olanda mənim 5 yaşım var idi. Yaşım artdıqca da Allahverdi Bağırovu telekanallarda, qəzetlərdə jurnallarda və internetdə yayımlanan fotolardan görüb tanımışam. Bir qədər şəhidimiz haqqında istərdim danışaq. Allahverdi Bağırov necə bir insan olub?


Almaz Bağırova: Bizim ailəmizdə beş qızdan sonra doğulan bir uşaq olub. O bizim qiymətlimiz olub. Arxa-dayağımız olub. O bizim hər şeyimiz olub. Qorxumuz, zəhmimiz olub. Bir anda əsəbləşərdi. Qarşısında kim olmağından asılı olmadan həmin insana həddini bildirərdi. Yeri gələndə bir şilləsi kifayət edərdi söhbəti bitirməyə. Amma onun haqqında yalnız bir cümlə kifayətdir: O oddan iti olub, ipəkdən yumuşaq. İsmətli insan idi. Onun köynəksiz görməzdi bir qonşu. Kimsə gəlsəydi yeməyini dayandırardı. Anamız tez rəhmətə getdi. Ondan sonra özünə qapandı. Gec evləndi. 34 yaşında. Hər kəlməsində anamızı xatırlayardı. Deyərdi ki, kaş anam görəydi mənim çörək qazandığımı. Onu camaat içində qucaqlaya bilməzdik. Çox abırlı insan idi. Sevgisini bizə bildirməzdi. Yaxından tanımayan, görməyən Allahverdinin kim olduğunu anlaya bilməzdi. Dostlarını həmişə övladlarından üstün tutdu. Amma ona onun kimi olmadılar. Qonşu təəssübü çəkən idi. El təəssübü çəkən idi. Övladlarını çox sevirdi, amma seçim edəndə vətənə üstünlük verdi. Gedəndə yalnız bunu dedi. “Balalarımdan muğayat ol!” Vəssalam, axırıncı dəfə onda gördüm.


- Fotolarından zəhmli insana bənzəyir.


İpək kimi yumşaq insan idi. Amma zəhmli insan idi. 1992-ci ildə evə zəng gəldi. Dedilər Sürət Hüseynov Ağdama gəlir. Orda zəng edib bir kəlmə demişdi ki, Ağdama gəlməsin. Elə o da Göytəpə deyilən yerdən –Qum zavodunun yanından maşının döndərib qayıtmışdı. Elə, yəni bir kəlməsi bəs idi.

 

Elşən Bağırov: İlk qurduqları 831 nömrəli hərbi hissə olub. Orada olanların hamısı cəbhəçi uşaqlar olub. Vətən vətəndir deyib döyüşə gedirdilər. Mart ayına kimi, yəni rəsmi qərarla polklar yaradılana qədər hər şey camaatın hesabına idi. Hər kəs öz qüvvəsinə.


- Allahverdi Bağırov kimi fədakar, qəhrəman və şəhidlik mərtəbəsinə yüksəlmiş bir insanın övladı və ya bacısı olmaq insana nə kimi hisslər bəxş edir?

 

- Aynur Bağırova: Az müddət olsa da mən onun yanında olmuşam. Ermənilərə görə anamgilin kəndində qalırdıq. O böyüklə böyük idi kiçiklə kiçik. Sonuncu dəfə televizorda musiqi verdilər. Dedim, dədə gəl oynayaq. Qalxıb mənimlə oynadı. O, hərçənd oynamağı sevən biri deyildi. Bəlkə də bir saat oynadıq. Sonra pilləkanda boynunu qucaqlayıb dedim ki, biz burada qalmaq istəmirik. Dedi ki, bir az da qalın. Gəlib sizi ayın üçü aparacam.

 

 

 

 -  Övladı olaraq Allahverdi Bağırovla birlikdə döyüşlərdə siz də iştirak etmisiniz? Siz nə deyə bilərsiniz? Maraqlıdır ata oğul cəbhədə bir yerdə?

 

 - Mənim onda 22 yaşım var idi. Kamerovda hərbi akademiyanı bitirmişdim. Ukraynada zabit idim. Sonra Sovet İttifaqı dağılandan sonra oradan dağılışdıq. Gəldim Ağdama. İstədim cəbhəyə gedim. Qoymadı. Sonra Xocalı hadisəsi baş verdi. Artıq hamımız cəbhədə idik.

 

 - Balaca qızı Zümrüd Bağırova:  Mənə anasının adını qoymuşdu və həmişə nənə deyə çağırardı. Şəhid olan gecə o ki, var gözlədik. Gələcəyini demişdi. Amma o gecə şəhid oldu. Onu xərəkdə gətirirdilər. Əli sallanmışdı. O qədər canlı və hündür adam idi ki, xərəyə sığmırdı.

 

Elşən Bağırov: Zümrüd adı ilə bağlı bir epizodu qeyd edim. Döyüşlər getdiyi vaxt çağrıda bizim bölüyə “Zümrüd 26” adı vermişdilər. Qəfil çağırdılar. Atam onda dedi ki, onlar kimi çağırırlar. Dedim bizi. Sonra zaraftla bildirdi ki, ədə, niyə çağrıya mənim nənəmin adını qoyublar, öz nənələrinin adını qoyaydılar da....


- Ağdamda dəfn edilməsi öz istəyi ilə olub, yoxsa ailəsi belə istəmişdi?


- Düşündük hər dəfə Ağdamdan Bakıya gəlib onu tez-tez ziyarət edə bilməyəcəyik. Nə biləydik ki, Ağdam da alınacaq. Çingiz Musatafayevlə arası üç gün çəkdi.


- Deyilənlərə görə onun üçün qazılan qəbirdə Çingiz Mustafayevi dəfn ediblər. Bu doğrudur?


Elşən Bağırov: Biz də elə eşitdik. Amma dəqiq bunu deyə bilmərik. İndi onun dəfn olunduğu yer şəhidlər qəbirstanlığı da erməninin əlindədir.

 

- Allahverdi Bağırovun qardaşı o vaxtki, millət vəkili Eldar Bağırov sui-qəsd nəticəsində öldürülmüşdü. Həmin hadisənin baş vermə səbəbi nə idi?


Almaz Bağırov: Qardaşım Eldarın qətli siyasi sifariş idi. Həmin ərəfələrdə ermənilər tərəfindən yazılmış mühüm bir mətkub var idi. Həmin məktubda 7 erməni kənd müraciət etmişdi ki, biz Azərbaycanın tərkibində qalmaq istəyirik. Həmin məktub Ayaz Mütəllibova və Palyenoçakaya təqdim olunmuşdu. Həmin gün də ona elə qəsd edildi. Deməli bu əvvəldən hazırlanmışdı. Sifariş olub. Sonra heç işin üstü açılmadı. Sui-qəsdən sonra həmin sənədi də üstündən götürmüşdülər. Xalq cəbhəsi üzrə Ağdamdan seçilmiş deputat idi. Maşının mühərriki xarab olubmuş. Qatil Nivanın arxa oturacağında oturubmuş. Sürücünün xəbəri var imiş. 4-cü mikrarayonda olub hadisə. Qatil deyəsən bilirmiş ki, əynində polad jilet var. Onu yandan vurub. Güllə qaraciyərindən girib ürəyini parçalamışdı. Əsl qatili gizlətdilər. İşi başqasının üstünə atıb işi bağladılar. O sənəd itəndən bir həftə sonra İrəvandan hökumət nümayəndələri gəlib həmin müraciəti edən erməni sovet sədrlərinin hamısını güllələyiblər. Onlar o sənədə qol çəkəndə deyiblərmiş ki, bunun üstü açılmasın. İşi həll edin. Təbii ki, onlar Eldarın öldürüləcəyini bilmirdilər. Qaçqınçılıqda biz çıxanda o sənədin surəti bizdə var idi. Amma orijinal Eldarda idi.

 


- Allahverdi Bağırovun xilas etdiyi Xocalı əsirlərdən sizi axtaranlar var?


Almaz Bağırova:  Xocalıda 613 nəfərin öldürüldüyünü deyirlər, amma Allahverdi deyirdi ki, bu yalandır. Orada 2000-dən çox insan öldürülüb. Orada başları kəsilən gənclər var idi, heç onlardan bəhs olunmayıb. Meyitləri körpü edib çaydan keçiblər. Elə ki, havalar istiləşib, meyidlər başlayıb çürüməyə, epidemiya yayılırmış. İndi bəhs olunan o 613 nəfər yalnız məsələnin ümumi sənədlərə sızmış tərəfidir. Orada təkcə xocalılar olmayıb. Orada mesxeti türkləri də, gürcüstanlılar da olub. Onlar da qətl olundular. Orada yalnız kasıblar qalmışdı. İmkanı olan hər kəs tərk etmişdi. Eldargil silah aparırdılar. Yardım aparmışdılar. Bu gün kimsə deməyiynən deyil ki, onlar hamısı qabağa icazəsiz gedirdilər. Döyüşləri özləri aparırdılar. Oğul bilirsiniz nə deməkdir? Allah hər vaxt oğul göndərmir. İgid oğul isə hərçənd yetişmir. İndi onlar o zəhməti itirirlərsə, o döyüşlərin üstündən xətt çəkirlərsə bu olmaz. Xəlil Rza Ulutürkün oğlu Təbrizi, Əlif Hacıyevin cəsədini ermənilərdən Allahverdi aldı. Əlif Hacıyevin qardaşı darvazamızın qabağında diz çökdü. Amma biri bir dəfə axtarmadı. Ramil Usubovun qohumların Allahverdi aldı. Amma Allahverdi yeddi yetimi bir dam altında qoyub getmişdi. Heç nə istəmirəm. Amma Allahverdinin balasına niyə ev vermirlər?! Məktəblərdə nəyi təbliğ edirlər? İgidliyi, kişiliyi təbliğ etsinlər. Əslində ev istəmirəm. Tənəffüs etdiyim hava da mənə haramdır. Getmirəm istəmirəm. Haqqımı istəmirəm deyə verilməməlidir?!... Deyirlər qorxmursan gedirsən Müsavata müsahibə verirsən deyirəm nədən qorxacam?! Qaradan artıq rəng var?!


Xocalıları kim yuyub götürdü? Univermağın müdiri deyib ki, qalın ağ var. Verim? Allahverdi deyib ki, sən qıyarsan oğlunu o qalın ağda dəfn etsinlər?! O belə vətənpərvər, belə insansevər idi. Onun bəyəm imkanı yox idi. O guya cəbhədən yayına bilməzdi? Neçə restoranı, neçə dükani var idi. Koorperativi var idi. Amma etmədi. Bu gün mən deyib ortalığa çıxanlar isə vaxtilə arxada gizlənib oğurluq edənlərdir. Eldarın ölümündən sonra üzünü qırxmadı. Araları 7 ay çəkdi. Oradan heç nə çıxara bilmədik. Allahverdi yox ikən, o dünya malı nəyimə lazım idi...

 


Elşən Bağırov: Sırğavənd tərəfdə Qazançı kəndi var idi. Üç erməni meyidini istəyirdilər. Üç erməni meyidinə 22 adam verdilər. Elə nəhəng idi o ermənilər. Deyəsən muzdlu idilər. Amma indi o əsirlər bizi axtarmır.


- Yuxuda tez-tez görürsünüz?


- Elə realda necə, yuxuda da elə. Həyatda necə səssiz, orada da elə. Yuxumuza girəndə xeyrimiz olub. Elə bilirəm ki, o torpağa qayıtsam Allahverdini tapacam. orada bizi gözləyir.


- Bəzi səsləndirilən fikirlərə görə Allahverdi Bağırov özümüzkülərdən olan bəzi satqınlar tərəfindən sui-qəsdə məruz qalıb və bunun nəticəsində şəhid olub?

Elşən Bağırov: Yollarda minalar var idi. Lakin adamı karıxdıran nə idi bilirsən? O yolu gəlmişdilər, amma qayıdanda minaya düşmüşdülər. Elə zədəsi də yox idi. Sürücünün ayağı qopmuşdu. Deməli sol tərəfdən olubmuş partlayış. Amma üç gün sonra müstəntiq gələndə maşının matoru da qalmamışdı. Sanki nəyinsə izlərini tez sürətlə silmişdilər...

 

 

Sonda şəhid ailəsinə Mövlanə Cəlaləddin Ruminin zər-zibalı otaqla, yanan şamın söhbətindən bəhs edən təmsildən qısa epizod danışıb söhbətimizi sona çatdırdıq.


Təmsildə Mövlanə qızıl və gümüşdən bəzədilmiş bir otağın onu işığa qərq edən şamın yanında öz gözəlliyinə görə öyündüyü söylənilir. Şam isə öz növbəsində yana-yana təmkinlə özündən deyən otağın söhbətlərinə qulaq asır.


Nəhayət zərli-zibalı otağın uzun-uzadı mədhiyyəsindən sonra şamın söylədiyi bir kəlmə bəzəkli otağı bir daha özünü öyməyəcəyinə vadar edir.

 

Sənin bütün bu gözəlliklərinin, zərin, qızılının və gümüşünün görünməsinin yeganə səbəbi budur ki, mən yanaraq ətrafa işıq saçıram. Yəni mən yanmasam sənin bayaqdan öyündüyün bütün gözəlliklərinin hamısı qaranlığa qərq olar.

 

Bizdə cəmiyyət və xalq olaraq bütün varlığımız və mövcudluğumuza görə məhz bu dəyərlər uğrunda canlarına fəda edib, şam kimi əriyərək, dünyamızı işıqlandıran şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

 Xəyal Şükür

İslaminSesi

 

Şəhid Haqqı layihəsinin digər reportajları..

 

  

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


Elvin
07.11.2016 22:50:34
Allah rəhmət eləsin

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system